Qış mövsumu ilə əlaqədar məktəblərdə hazırlıq işləri görüləcək
Bakının məktəblərində qış mövsümünün gəlişi ilə əlaqədar bir sıra hazırlıq işləri görülür. 2014/2015-ci tədris ilində paytaxtın 42 məktəbi əsaslı təmir edilib və qazanxanaları yenilənib. 12 məktəbdə isə əlavə tədris korpusu tikilərək istifadəyə verilib.
Cari tədris ilində şagirdlərin sağlamlığının qorunması məqsədilə təhsil müəssisələrində mövcud olan problemlər araşdırılır, onların aradan qaldırılması yolları müəyyənləşdirilir. Nəticədə istilik xətləri düzgün çəkilməyən, havalandırma sistemi düzgün quraşdırılmayan, o cümlədən qaz sayğacları ilə bağlı bəzi nöqsanların mövcud olduğu müəssisələrdə həmin problemlərin mövsüm başlayanadək həll olunması nəzərdə tutulub.
Qış mövsümünə hazırlıq məqsədilə istilik, enerji və qaz təchizatı, ventilyasiya sisteminin sazlanması, isti və soyuq su ilə təmin edilmə, eyni zamanda yanğın, qəza və zədələnmələrin qarşısının alınması, şagirdlərin və işçilərin sağlamlığının qorunması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Mediainfo.az