
Bu gün Milli İnsan Hüquqları günüdür
Bu gün - 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər
Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət
Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq,
Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Müstəqil Azərbaycanın
1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının
təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarılıb. Konstitusiyada əksini
tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının
qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri
insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi
olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını
ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan
hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral
tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində
tədbirlər haqqında" Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq
edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının
yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət
quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamıdır.
2001-ci il dekabrın 28-də isə Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının
yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il
martın 5-də ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya
Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı
2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi
üç namizəd arasından 111 səslə seçilib.
Hüquqlarınızı bilin ki, qoruya biləsiniz...
Könül Aypara
O.M.