“Nida”çı məhbusun atası vəfat edib
"Nida" Vətəndaş Hərəkatının həbsdə olan ən gənc üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, İbrahim Novruzlu ürək tutmasından vəfat edib.
Penitensiar Xidmətdən verilən məlumata görə, hələ ki, Şahin Novruzlunun atasının yas mərasimində iştirakı ilə bağlı müraciəti daxil olmayıb.
Cəzaların İcrası Məcəlləsinə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə səfər icazəsi verilə bilər.
Şahin Novruzlu 1995-ci ildə Bakıda doğulub. 2012-ci ildən həbs edildiyi 2013-cü ilədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alıb. Subaydır.
Şahin Novruzlu 2013-cü ilin mart-aprel aylarında 7 "Nida"çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlaşırmışlar.
Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.
2014-cü il mayın 29-da Bəxtiyar Quliyev, iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyiblər. Bəxtiyar Quliyev həmçinin "Nida"dan çıxıb və vəkilindən imtina edib.
Şahin Novruzlu hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.
Mediainfo.az