Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunub

Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunub

17 İyun 2011 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov gündəliyə təklif olunan məsələlər barədə İH üzvlərinə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb.

Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara əsasən Şuraya bununla əlaqədar müraciət edən kütləvi informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin fəaliyyəti barədə arayış verib, sualları cavablandırıblar. Müzakirələrdən sonra "İqtisadiyyat" və "Gəncənin səsi" (Gəncə şəhəri) qəzetləri, "Vision of Azerbaijan" jurnalı, "Salamnews" və "Sosial" İnformasiya Agentlikləri MŞ sıralarına qəbul olunublar.
Sonra Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının və Şikayətlər üzrə Komissiyanın rəyləri əsasında qərarların qəbulu ilə bağlı müzakirələr aparılıb. Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyanın 13 iyun 2011-ci il tarixli iclasının rəyləri barədə məlumat verib. O, üç qəzetin "reket nəşr" adlandırılaraq Mətbuat Şurasının "qara siyahı"sına salınması üçün ciddi əsasların olduğunu qeyd edib. İH üzvləri müvafiq rəyləri və sənədləri nəzərdən keçirərək komissiyanın təkliflərinə yekdilliklə səs veriblər. Beləliklə "Sağlamlıq keşiyində", "Əyalətin səsi" və "Vətəndaş haqqı" qəzetlərinin də adlarının Şuranın "qara siyahı"sında yer alması razılığına gəlinib.
İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının rəyləri əsas götürülərək "Ağdam" və "Azərbaycan cəmiyyəti" qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığı olunub. Əyalət qəzeti ilə bağlı məsələyə baxılarkən məlumat verilib ki, Ağdam Rayon İcra Hakimiyyəti təsisçilərindən olduğu həmin mətbu nəşrlə bağlı MŞ-nin tövsiyə xarakterli məktubunu müzakirə edib. İcra hakimiyyətindən Şuraya daxil olan cavabda bildirilib ki, məsələ qəzetin redaktoru Bəxşeyiş Hətəmlinin iştirakı ilə geniş müzakirə olunub və mətbu nəşrdə etik normaların pozulmasına yol verdiyi üçün ona RİH-in xəbərdarlığı edilib. İdarə Heyəti məktubu məsələyə prinsipial yanaşma nümunəsi kimi dəyərləndirib. İH-nin "İşgüzar", "Yeni səhər" və "Cənub xəbərləri" (Masallı) qəzetləri ilə bağlı qərarlarında isə həmin nəşrlərdə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısız yanaşdığı bildirilib.
Növbəti məsələdə milli mətbuatımızın 136-cı ildönümünün qeyd olunması ətrafında diskussiyalar gedib. Qərara alınıb ki, bu məqsədlə Bakı şəhərində olduğu kimi bölgələrdə də tədbirlər keçirilsin. Səslənən təkliflər sırasında müxtəlif tematik regional tədbirlərin reallaşdırılması məqsədəmüvafiq sayılıb.
Cari məsələdə amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslər tərəfindən təzyiqə məruz qalmaları müzakirə olunub. İH üzvləri xarici ölkə vətəndaşlarına yönələn zorakılıq faktını pisləyiblər. Bunu ölkəmiz barədə mənfi fikir yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndiriblər. Qərara alınıb ki, hadisəni törədənlərin tezliklə tapılıb qanuna müvafiq surətdə cəzalandırılmaları üçün MŞ hüquq-mühafizə orqanlarına müraciət ünvanlasın.
İclasda Şuranın Ahıl Jurnalistlər Məclisinin ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş təşkili təklifi razılıqla qarşılanıb. Tədbirin iyunun sonunadək reallaşdırılması istiqamətində iş aparılması məqsədəuyğun sayılıb.
Toplantıda həmçinin Mətbuat Şurasının ötən il təsis etdiyi Ali Media Mükafatının laureatlarının müəyyənləşdirilməsi istiqamətində işlərə başlanması da qərara alınıb.

Mətbuat 4-cü hakimiyyətdir. Hakimiyyətin sıraları möhkəmlənməkdədir...

Hafiz Əhmədov

O.M.