Əkiz bacısının arzusunu gerçəkləşdirmək üçün cinayət törətdi

Əkiz bacısının arzusunu gerçəkləşdirmək üçün cinayət törətdi

17 İyun 2011 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuzda yaşayış evi qarət olunub. Naməlum şəxslər tərəfindən törədilən cinayət ilk baxışdan adi oğurluq hadisəsi kimi görünsə də, olay maraqlı və dramatikliyi ilə diqqəti cəlb edir.

Cinayətin maraqlı tərəfi onun azyaşlı olan əkiz bacı-qardaş tərəfindən törədilməsidir. Oğurluq hadisəsinin üstünün açılmasında ev sahibinin polisə köməyi dəyib. Belə ki, zərərçəkmiş polisə müraciət edərək evdən qızıl-zinət əşyalarının, qadın bijuteriyalarının oğurlandığını bildirib. Hətta cinayətin qonşuları olan 12 yaşlı əkiz bacı və qardaşlar tərəfindən törədildiyini deyib. Əsas kimi isə qızının bijuteriyasının qonşudakı qızın qolunda və boğazında olmasını göstərib.

Polis əməkdaşları bacı-qardaşı şöbəyə dəvət edəndən sonra zərərçəkmiş şəxsin dedikləri öz təsdiqini tapıb. Uşaqlar oğurluğu etiraf ediblər. Uşaqlardan biri ifadə verərkən deyib ki, oğurluq etməklə bacısının arzu və istəyini bir qardaş olaraq həyata keçirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bacısı qonşu qızın üstündə zinət əşyaları görüb və ondan xoşu gəlib. Bacısı kasıb olduqlarına görə onun heç vaxt belə bəzək əşyalarının olmayacağını qardaşına təəssüflə deyib. Qardaşı elə həmin vaxt bacısına həmin bəzək əşyalarını gətirəcəyini söz verib. O, bacısının arzusunu reallaşdırmaq üçün oğurluğa əl atmalı olub. Onlar qonşularının Bakıda olmasından istifadə edərək nəfəslikdən evə daxil olublar. Evdən qızıl əşyaları, bijiuteriya, kosmetika oğurlayıblar. Pərvanə oğurladıqları əşyaları aparıb çantasına yığaraq özü üçün "kosmetiçka" düzəldib...

Maraqlıdır ki, uşaqların ifadəsi hətta polis əməkdaşlarını da təsirləndirib. Amma zərərçəkmiş şikayətini geri götürməyib. Onu da əlavə edək ki, orta məktəbin 3-cü sinfində oxuyan azyaşlıların ataları rəhmətə gedib, anaları isə rayon ərazisində pal-paltar yumaqla qazandığı pulla övladlarını dolandırır. Saxlanılan uşaqlar azyaşlı olduqlarından, izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Adəmi adəm eyləyən paradır, parasız adəmin üzü qaradır.

Tofiq Əliyev

O.M.