Məhkəmə icraçıları “Hafka”nın evini boşaldır
Hafiz Məmmədovun külli miqdarda borcunun olduğu bildirilir
Məhkəmə icraçıları Hafiz Məmmədovun evinin qarşısını tərk edib. Məlum olub ki, ev Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olsa da, sənədlər mülkün Məmməd Xudayev adlı şəxsə aid olduğunu göstərib. Banka yaranmış borcu da məhz M.Xudayev ödəməli olduğundan məhkəmə qərardadı ilə icraçılar həmin evə gəliblər. Bundan bir qədər sonra isə M.Xudayev "Mercedes S Class" markalı avtomobillə həmin ünvana, Teymur Əliyev küçəsinə gəlib. Burada icraçılarla borclu şəxs, eləcə də bank rəhbərliyi arasında mübahisə yaranıb. Bank nümayəndələri M.Xudayevdən 280 min manat borcu ödəməyi tələb ediblər. M.Xudayev isə banka yalnız 200 min manat borcu olduğunu və bu məbləği elə bu gün ödəməyi hazır olduğunu deyib. Lakin bank nümayəndələri məbləğin artıq 3 aydan artıqdır ki, ödənilmədiyini və faizi ilə birlikdə 280 min manat olduğunu bir daha deyiblər.
Mübahisədən sonra həm M.Xudayev, həm məhkəmə icraçıları, həm də digər şəxslər ərazidən uzaqlaşıblar.
Mediainfo.az