Dələduza 3 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini Rüfət Əzimovun cinayət işinin baxışı yekunlaşıb.
Mediainfo.az xəbər verir ki, R.Əzimov 2012-ci ilin iyun ayında Sumqayıt sakini Elşad İsrafilova ona veriləcək 2000 manat pul müqabilində ABŞ-a getmək üçün, həmin ölkənin səfirliyindən viza alacağını yalandan söz edərək, iyulda Mərkəzi Univermağın (MUM)-un qarşısında 800, oktyabr ayında Sumqayıtda, sonuncunun yaşadığı 5-ci mikrorayonda 400, 2013-cü ilin sentyabrında isə həmin yerdə 800 manat alıb. Həmin ərəfədə guya artıq vizanın hazır olduğunu bildirib, bunun üçün ondan hesabına böyük məbləğdə pul qoyulmasının zəruri olduğuna inandırıb, ondan bu il martın 15-də 9900 manat alıb. Bundan sonra vədinə əməl etməyərək ümumilikdə zərərçəkənə məxsus 11.900 manat pulu dələduzluq yolu ilə mənimsəyib.
Bundan əlavə, bu il aprelin 19-da tanış olduğu Bakı sakini Məhəmməd Ayvazova özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, ona veriləcək 1000 manat pul müqabilində dövlət qurumunda isə düzəldəcəyini söz verib. Aprelin 22-də Həsən Əliyev küçəsində yerləşən 283 saylı orta məktəbin yanında Əzimov zərərçəkəndən 850 manat alıb və vədinə əməl etməyib.
Məhkəmənin hökmü ilə R.Əzimov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

























































































