Afinada Azərbaycanla bağlı 2 möhtəşəm tədbir keçirildi

Afinada Azərbaycanla bağlı 2 möhtəşəm tədbir keçirildi

29 Sentyabr 2014 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
H.Əliyev Fondu istirahət günlərində ölkəmizi Avropada tanıtmaqla məşğul oldu

Sentyabrın 28-də Afinada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinadakı "Akropol" muzeyində keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Tədbirə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıblar. Mərasim ilk Avropa Oyunlarına hazırlıqla bağlı filmin nümayişilə başlayıb. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapır.

Mehriban Əliyeva mərasimdə çıxış edib. Daha sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrindən danışıb, ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğulayıb, Yunanıstanın bu işə dəstək olduğunu söyləyib.

Yunanıstanın mədəniyyət nazirinin müavini Angela Gerekoi isə ilk Avropa oyunlarının önəmindən danışıb: "Bu bütün qitənin həyatında mühüm tədbir olacaq".

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu işə Prezident İlham Əliyevin dəstək verdiyini vurğulayan Spirios Kapralos bütün Avropa kimi Yunanıstanın da bu oyunları həvəslə gözlədiyini qeyd edib.

Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbalinin də çıxışından sonra səhnəyə Azərbaycanın incəsənət ustaları çıxıblar. Cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev qonaqlara milli musiqilərimizdən ibarət konsert proqramı təqdim ediblər.

Sentyabrın 27-də Afinada Azərbaycan Mədəniyyət Günlərinə start verilib.

Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib.

Mədəniyyət Günləri Afinanın beş min tamaşaçı tutumu olan "İrodio" Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə konsertilə başlayıb.

Konsertdə Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və mədəni dairələrinin nüfuzlu şəxsləri, Afina sakinləri və turistlər iştirak ediblər.

Tədbirin aparıcısı mərasim iştirakçılarına Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqda məlumat verib. O bildirib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir, mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Aparıcı tədbirin Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşıdığını söyləyib.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev iki ölkə arasında münasibətlərdən danışıb. Səfir bu tədbirin Azərbaycanın Yunanıstanda daha yaxşı tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib, bu işə verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Çıxışlardan sonra konsert olub. Konsertdə Afina tamaşaçılarının qarşısına Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıblar. Konsertdə muğam da səslənib.

Mediainfo.az