Günahkar sürücü tutuldu
Bakının Keşlə qəsəbəsində qatarla avtomobilin toqquşması nəticəsində günahkar bilinən sürücü həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sürücünün tutulması üçün əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları keçirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də baş vermiş dəmiryolu qəzası zamanı hadisə yerindən qaçmış "Saipa" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmar Pərari saxlanılıb.
Qeyd edək ki, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi "Saipa" markalı avtomobil vurulub. Sürücü avtomobili hadisə yerində atıb gedib. Nəticədə avtomobil yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kv.m. hissəsi dağılıb.





























































































