Dünyada ilk dəfə “Fərarilər abidəsi” ucaldılacaq

Dünyada ilk dəfə “Fərarilər abidəsi” ucaldılacaq

23 Sentyabr 2014 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabr ayında Vyanada İkinci Dünya müharibəsində nasist Almaniyasının ordusundan fərarilik etmiş və hərbi xidmətdən boyun qaçıraraq hərbi tribunallar tərəfindən mühakimə edilmiş insanlara həsr olunmuş abidənin açılışı olacaq.

AzərTAc-ın Vyanadakı xüsusi müxbirinə istinadən yaydığı məlumata görə, Avstriyanın Dövlət Müstəqilliyi Günü ərəfəsində açılışı olacaq və yerli əhali arasında "Fərarilər abidəsi" adlanan monument ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Vyana şəhər bələdiyyəsindən verilən açıqlamada Vermaxtın sıralarında vuruşmaqdan imtina edən və bununla da nasist hərbi maşınının əlində özünü alətə çevirməyən insanların fədakarlıq və qəhrəmanlığına həsr olunmuş abidənin vacibliyi qeyd olunub. Sağçı radikal mövqeyi ilə seçilən Avstriya Azadlıq Partiyasının nümayəndələri isə öz silah yoldaşlarını darda qoyan, ona həvalə olunmuş mövqeyi özbaşına tərk edərək fərarilik edən insanların qəhrəman səviyyəsinə qaldırılmasının yolverilməz olduğunu bildiriblər.
Qeyd edək ki, İkinci Dünya müharibəsində nasist Almaniyasının hərbi tribunalları 1,3 milyon Vermaxt hərbçisini cinayət məsuliyyətinə cəlb edib, onlardan 30 min nəfərinə ölüm hökmü kəsilib. Vermaxt tərkibində döyüşmüş və fərarilik edən avstriyalı hərbçilərin sayı 30-50 min nəfər arasında hesab olunur.

Mediainfo.az