
Oqtay Gülalıyevin oğlunun məhkəməsi başlayır
Bu gün Xətai Rayon Məhkəməsində hüquq müdafiəçisi, Milli Şuranın sədr aparatının üzvü Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə hazırlıq prosesi keçirilib.
Əli Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur, polis nəzarətindədir. O, ötən il sentyabrın 23-də Bakıda, yaşadığı NZS qəsəbəsində döyülüb və xəsarət alıb, həmin gün xəstəxanada əməliyyat olunub. Cinayət işinin materiallarına əsasən, həmin ərəfədə Əli Gülalıyev oxuduğu Xətai rayonundakı 165 saylı orta məktəbdə Bayram Sultanov adlı şəxslə dalaşıb.
"Media forum" saytına açıqlamasında Oqtay Gülalıyev bildirib ki, məhkəmə işi baxışa qəbul edib: "Şikayətçi tərəf prosesə gəlməmişdi. Mühakimə sentyabrın 23-nə təyin olundu. Məhkəmədə Milli Şuranın rəhbərliyi, siyasi partiya nümayəndələri, ictimai fəallar iştirak edirdi. Zərurət yaranarsa, vəkilə müraciət edəcəyik".
Mediainfo.az