İki ayətullah internet qadağasına qarşı

İki ayətullah internet qadağasına qarşı

2 Sentyabr 2014 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

İranda islahat tərəfdarı kimi tanınan ruhanilər - ayətullah Bayat Zəncani və ayətullah Yusif Sanei ölkədə internetə qoyulan məhdudiyyətə qarşı çıxıblar.

Bir həftə əvvəl mühafizəkar ruhani, ayətullah Məkarim Şirazi vətəndaşlara sürətli internet verilməsinə qarşı çıxaraq bunun şəriət və əxlaq qaydalarına zidd olduğunu bildirmişdi. Məkarim Şirazi internetdən istifadənin məhdudlaşdırılmasını bəzi gənclərin əxlaqdan kənar saytlara asanlıqla baş çəkməsi ilə əlaqələndirmişdi.

"Media forum" saytının məlumatına görə, Bayat Zəncani və Yusif Sanei bu məsələ ilə bağlı sorğunu cavablandırıblar. Sorğuda sual belə qoyulub: Bəzi şəxslərin internetdən düzgün məqsədlər üçün istifadə etməməsi internetə məhdudiyyət qoymağa əsas verirmi?

Əslən azərbaycanlı olan ayətullah Bayat Zəncani sualı belə cavablandırıb: "Bir və ya bir neçə nəfərin internetdən su-istifadə etməsi onun fəaliyyətini məhdudlaşdırmağa haqq qazandırmır".

Ayətullah Yusif Saneinin sorğuya cavabı belə olub: "Bəzi şəxslərin internetdən düzgün məqsədlər üçün istifadə etməməsi bəhanəsi ilə interneti məhdudlaşdırmaq və ya onun sürətini zəiflətmək olmaz. Çünki internetin fəaliyyətini məhdudlaşdırmaq, onun işinə kənardan müdaxilə etmək xalqın hüquqlarını tapdamaqdır".

Mediainfo.az