Xocalı qaçqını oğlunun qız qaçırması barədə açıqlama verdi - FOTO

Xocalı qaçqını oğlunun qız qaçırması barədə açıqlama verdi - FOTO

2 Sentyabr 2014 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı qaçqını Narxanım Məmmədova: "Qız oğluma deyib ki, guya məni zorla qaçırırsan, şou düzəldək"

"Müharibədə iki oğlumu şəhid vermişəm, indi də iki oğlumu ömürlük türməyə salmaq istəyirlər"

Xocalı faciəsində 2 oğlunu və həyat yoldaşını itirmiş Narxanım Məmmədova redaksiyamıza gələrək şikayətinin olduğunu bildirdi.

"Ailəmizin üstündən ağrı-acı səngimir" - deyən, N.Məmmədova ağır aylar yaşadığını söylədi.

Hazırda ev dustaqlığında olan oğlu Əhməd Məmmədov ilə bağlı cinayət işinin birtərəfli aparılmasından şikayətlənən ana hadisənin təfsilatını danışdı:

"Mənim öz qohumum, yəni əmim nəvəsi ilə oğlum uzun illər sevgili olub. İkisi də ayrı-ayrı adamlarla evlənib sonra boşanıblar. Ay bala, indi də bu sevgi uşağımın başını cəncələ salıb. Qızın anası bunların bir yerdə olmağına qarşıdır. Ona görə də qız oğluma deyib ki, sən məni qaçırt. Elə et ki, zorla qaçırdırsan. Mən də sonra anama deyim ki, day məni zorla qaçırtdı. Nəsə, oğluma özünü istədib deyə uşağım da hər dediyini edirmiş. Oğlum da bu deyən kimi edib. Kiçik qardaşı Ruslanı, dostlarını da götürüb, gedib qızı qaçırtmağa. Bu hadisə qızın iş yerinin qabağında, Nəsimi rayonu ərazisində olub. Qız özü 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) işləyir, həkimdir. Maşına minəndə qız qışqır-bağır salıb. Oğlum deyib, daha niyə qışqırırsan, sən dediyin kimi şou elədik ki, guya qaçırdırıq. Görüb yox, qız bunları cırmaqlayır, qışqırır. Maşını saxlayıb, bunu düşürdüb. Ondan sonra oğlumu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tutdu. 1 ay Nəsimi polisində oğlum türmədə qaldı. Yanvarın 15-ində bu hadisə olmuşdu. Bunun üstündən 2 ay keçəndən sonra proses təzədən qızışdı. Yenə hamısını tutdular".

N.Məmmədova deyir ki, imkansızlıq ucbatından yaxşı vəkil tuta bilməyiblər:

"Prezidentin canı sağ olsun, bircə o verən pensiya ilə dolanırıq. O, da olmasa batarıq. Sözüm ondadır ki, bizi qəbul etsinlər. Balamın işinə düz baxılsın. Adam oğurluğu adı ilə balamı 10 ilədək türməyə salacaqlar. Onun yanında gedən kiçik oğlumu da, dostlarını da həbs edəcəklər. Mən nə edim indi? Qızdakı anasının qorxusundan şikayətini götürmür. Halbuki ortada bunların telefon danışıqları, smsləri var. Məhkəmədə heç birinə baxılmadı. Pulsuz-parasız adamlarıq. Güc-bəla ilə bir vəkil tutduq. Onu da qorxudurlar. Dövlət özü təyin edən vəkillər də müdafiə etmir. Qalmışıq ortalarda".

Hadisəyə səbəbkar olan qadının qohumlarının yüksək vəzifələrdə işlədiklərini deyən, N.Məmmədova onlardan bir neçəsinin adını da çəkdi: "Qızın atası Aqil Vəliyev polis rəisi işləyib. Bir neçə il əvvəl ölüb. Qardaşı Fizuli Vəliyev Biləsuvarda hazırda prokurordur. Əmisi Ədalət Vəliyev Qaradağ rayonunda rəis müavinidir. Mən də kasıb, qaçqın, köçkün adam. Bir zənglə bu işi istədikləri kimi idarə edirlər. Xahiş edirəm, mənə kömək edin. İki balamı da belə itirməyim".

Yazıda adları çəkilən şəxslərin, qurumların mövqeyini dinləməyə və qəzetdə çap etməyə hazırıq. /musavat/

Mediainfo.az