Polis podpolkovnikinin narkobaron olduğu aşkar edildi
Rusiyanın Peterburq şəhəri və Leninqrad vilayəti ərazisində uzun müddətdən bəri narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilib. İnterfax-ın Rusiya hüquq mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, dəstəyə Rusiya DİN-nin Sankt Peterburq şəhər polis idarəsinin podpolkovniki başçılıq edirmiş. Hələlik cinayətkarın adı istintaq sirri olaraq gizli saxlanılsa da, onun uzun müddətdən bəri nəqliyyatda narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilir. Belə ki, bu illər ərzində heroin, metadon və "ağ çinli" adlı narkotik vasitələr adıçəkilən ərazilərdə sərbəst şəkildə satılırdı. Ötən həftənin cümə günü həyata keçirilən əməliyyat nəticəsində dəstə başçısı olduğu ehtimal edilən podpolkovnikin evindən 36 kq heroin, 0.5 kq "ağ çinli", 80 qr metadon, həmçinin qablaşdırıcı vasitələr və pulsayan maşın aşkarlanaraq müsadirə edilib. Dəstənin hər ay onlarla kiloqram narkotik vasitəni satdığı ehtimal edilir.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkoşəbəkənin daha iki üzvü zərərsizləşdirilib. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Mediainfo.az





























































































