Ağasi Məmmədovun avtomobilində ölən və yaralananlar var!

Ağasi Məmmədovun avtomobilində ölən və yaralananlar var!

20 İyun 2010 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyun ayının 10-u Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonun Sincanboyad kəndi ərazisində qeydə alınıb. Toy şənliyindən qayıdan "BMW" markalı 10 FF 009 dövlət nömrə nişanlı avtomaşınla "VAZ 2107" markalı 10 MB 303 dövlət nömrə qeydiyyatlı avtomaşın toqquşub. Qəza nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, bir nəfər dünyasını dəyişib. Şabran rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, "VAZ 2107"də olan Şabran rayon sakini 1984-cü il təvəllüdlü Vəfadar Mikayılov orada keçinib.
Qəza yerində olan şəxslər "BMW"nin boks üzrə dünya və Avropa çempionu Ağası Məmmədova məxsus olduğunu bildiriblər. "BMW" gəlin maşını kimi bəzədilib. Qəza Qusar rayonunda keçirilən Bəhruz Məmmədovun qız toyundan qayıdan zaman baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Boks üzrə dünya çempionu Ağası Məmmədov düşdüyü avtomobil qəzası barədə danışıb:

- Qusardan əmioğlumun qız toyundan qayıdırdıq. Şabran rayonu ərazisindən keçərkən arxadan gələn "VAZ 2107" markalı avtomobil mənim "BMW" markalı maşınımı sol tərəfdən vurdu. Nəticədə həmin maşındakı sərnişinlərdən biri öldü. Hər iki avtomobildəki daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Mənim avtomobilim zərbənin gücündən bir neçə dəfə dövrə vurdu. Maşınım tam yararsız vəziyyətə düşdü. Ölən əmioğlumun sinif yoldaşı idi.

Yollarda ehtiyatlı olun. Elə həyat yolunda da...

Könül Aypara

O.M.