Jurnalistlərin binası vaxtında istifadəyə veriləcək

Jurnalistlərin binası vaxtında istifadəyə veriləcək

6 İyun 2011 19:59
Bəyəndim (0) Bəyənmədim (0)
17 mərtəbəli 2 bloklu kitab şəkilli bina dəniz mənzərəsinə açılacaq

Jurnalistlər üçün yaşayış binasının inşası və istifadəsi məsələsi təkcə bu peşə sahiblərini deyil, bütün cəmiyyəti maraqlandırır. Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə görüşdük. V. Səfərli görülmüş və görüləcək işlərlə bağlı son durumu Oxumeni.az-a danışdı.

"İşlər nəzərdə tutulan qrafiklə həyata keçirilir. Prezidentimizin tapşırığına uyğun olaraq, məsələni daim diqqət mərkəzində saxlayırıq. Bu isə o deməkdir ki, bina vaxtında istifadəyə veriləcək", - deyə sözə başlayan V.Səfərli bu günə olan vəziyyət haqqında bunları söylədi:

- Jurnalistlərə aid olan bina Neft şirkətinin binaları ilə eyni kompleksdə yer alacaq. Şəhərcikdə binanın özünə məxsus su anbarı, elektrik mərkəzi və digər kommunikasiya ehtiyatları olacaq. Hal-hazırda sənədləşdirmə işlərinin hazırlığı tam gücü ilə davam edir. Artıq layihə-smeta sənədi və binanın inşaat pasportu hazırdır. Bu sənəd Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq İdarəsi ilə razılaşdırıldıqdan sonra texniki rəy verilməsi üçün FHN-nin Ekspertiza İdarəsinə göndəriləcək. Yalnız bu işlər yekunlaşdıqdan sonra tender yolu ilə tikinti işlərini aparacaq podratçı təşkilat müəyyən olunacaq və inşaat işləri o vaxtdan start götürəcək. Lakin bu o demək deyil ki, biz gözləmə mövqeyindəyik. Əsla. Hazırda bizim xahişimizlə neft şirkətinin sifarişi ilə ərazidə təmizlik-abadlıq və ilkin hazırlıq işləri görülür. Hər kəs əmin ola bilər ki, işlər öz vaxtında başladığı kimi, planda nəzərdə tutulmuş müddətədək yekunlaşacaq və bina öz sahiblərinin ixtiyarına veriləcək.

- Vüqar müəllim, bildiyimiz kimi, əvvəlcə bina T şəkilli nəzərdə tutulurdu. Sonradan layihədə hər hansı bir dəyişiklik oldumu?

- Bəli, bizim təklifimizlə layihədə kiçik dəyişiklik edildi. Təsdiq olunmuş layihəyə görə, jurnalistlərin binası kitab şəkilli olacaq və birbaş dəniz mənzərəsinə açılacaq. 17 mərtəbədən və 2 blokdan ibarət olan binada yaşayış üçün hər cür şərait yaradılacaq. Həmçinin avtomobillərin park edilməsi üçün binanın zirzəmi sahəsində qaraj inşa ediləcək.

- Hər kəs intizardadır, mənzillərin sahibləri kimlər olacaq?

- Biz bu məsələdə çox həssas olmalıyıq. Prezidentimizin etimadını doğrultmalıyıq. Dövlətimizin jurnalistlərə qayğısı prioritet sahədir. Bu, bizim əsas fəaliyyət proqramımızdır. Odur ki, mənzillər verilməzdən əvvəl hərtərəfli monitorinqlər keçirəcəyik. Proses şəffaf gedəcək. Nəticədə mənzilə ehtiyacı olan jurnalistlər evlə təmin ediləcəklər.

Sonda Vüqar Səfərli mövzu ilə bağlı KİV-lərdə yer alan əsassız məlumatlardan narahat olduğunu da dilə gətirdi. Bildirdi ki, görülən və görüləcək işlər daim mətbuatın diqqət mərkəzində saxlanılacaq.

Jurnalistikanı ucaldaq ki, onun şərəfinə silsilə binalar ucalsın...

Natiq Qocaman

O.M.