Bütün siyasi məhbuslar azad olunacaq

Bütün siyasi məhbuslar azad olunacaq

27 May 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

"İlin sonuna kimi əfv fərmanı gözlənilir". Bu sözləri Axar.az-a Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, proses ilin sonun qədər davam edə bilər:

"Mən inanıram ki, cənab Prezident ildə bir neçə dəfə əfv fərmanı imzalayan şəxs kimi bu proses baş verəcək və qarşıdan gələn zamanlarda yeni-yeni əfv fərmanlarının şahidi olacağıq. Bu yaxın zamanlarda da ola bilər, bu ilin sonuna qədər də. Amma istənilən halda bu gün adları müzakirə predmeti olan şəxslərin böyük əksəriyyəti əfv fərmanı ilə azadlığa çıxacaq".

Millət vəkili dünən Prezidentin imzaladığı əfv fərmanına siyasi məhbus siyahılarında adı keçənlərin salınmamasına da aydınlıq gətirdi: "Bildirmək istəyirəm ki, bəzi hüquq müdafiəçilərinin siyahısında olan insanların bir çoxunun hökmü qanuni qüvvəyə minməyib. Bilirsiniz ki, əfv fərmanı hökmü qanuni qüvvəyə minmiş şəxslərə şamil olunur. Ona görə də bu gün Apellyasiya Məhkəməsində onlarla bu cür şəxsin məhkəməsi gedirsə və onlara əfv fərmanı şamil olunmursa, bu, qanunauyğundur.

Görünür, bəzi həmkarlarım qanunun bu incəliyini bilmədiyi üçün ağına-bozuna baxmadan danışırlar. Bu insanların işi məhkəmədədir. Bəlkə onlara bəraət veriləcək? Bəlkə elə bir cəza veriləcək ki, ümumiyyətlə kiminsə müzakirə predmeti olmayacaq?

Əgər cənab Prezident humanist akt qəbul edərək 170-dən çox məhbusu və ümumilikdə minlərlə Azərbaycan vətəndaşını sevindiribsə, buna kiminsə qısqanclıqla yanaşması və yaxud bu akta hansısa başqa bir don geyindirilməsi yolverilməzdir".

Mediainfo.az