
Ali məktəblərin magistraturalarına qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 25-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 16 imtahan mərkəzində həyata keçirilib. Bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib və bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır, eyni zamanda yazı işlərinin yoxlanmasına başlanıb. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı "Magistr" jurnalında dərc olunub.
Mediainfo.az