Metropolitenin göstərişi ilə evləri sokuləcək köçkünlər intihar edəcəklərini bildirirlər

Metropolitenin göstərişi ilə evləri sokuləcək köçkünlər intihar edəcəklərini bildirirlər

21 May 2014 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonu, 7-ci mikrorayon, 312627-ci məhəllədə evlərini tərk etməyən məcburi köçkünlər bu gün köçürülürlər.

Onların sözlərinə görə, uzun mübarizədən sonra Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov söküləcək evlərinin müqabilində kompensasiya ayırıb: "Binəqədi Rayon İcra Hakimiyyəti evimizlə bağlı sərəncam verdi, hətta vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edildi. Lakin Tağı Əhmədovun işdən çıxarılması ilə kompensasiya ödənilməsi dayandırıldı".

Dünən "Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynovun qəbuluna düşən qaçqınlara kompensasiya ödənilməyəcəyi deyilib: "Yeni rəis dedi ki, Tağı Əhmədov səhv edib. Hətta onun verdiyi sənədlərin saxta olduğunu söylədi. Hüseynov bizə kompensasiya ödənilməyəcəyini söylədi. Bu gün evimizi sökəcəklər. Biz xəbərdarlıq edirik, bu işin sonu ölümlə bitəcək, canımıza qəsd edəcəyik".

Qeyd edək ki, ərazi "Dərnəgül" Elektrik Deposuna aiddir.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da 6 ailə köçməkdən imtina edir.

N.Paşayevin sözlərinə görə, 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir.

Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.

Mediainfo.az