Görkəmli alim Nəriman Quliyev son mənzilə yola salınıb
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında nüvə fizikası sahəsində görkəmli alim, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, akademik Nəriman Quliyevlə vida mərasimi keçirilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi önünə hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülüb.
Vida mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev, akademik Maqsud Əliyev, AMEA-nın müxbir üzvü Adil Qəribov çıxış edərək alimin Azərbaycanın fizika elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açıblar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Mərhumun ailəsi adından çıxış edən nəvəsi Zaur Quliyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.
Sonra alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.