Hərbi hissələr xüsusi rejimə keçdi
Azərbaycanda istilərlə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib.
"Mediainfo.az" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, havaların temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
Əmrə əsasən havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.