Soma faciəsilə əlaqədar bütün məscidlərimizdə xütbə oxunub
Soma faciədə həlak olanların ailələrinə maddi yardım göstərilməsi ilə bağlı sadə vətəndaşlar tərəfindən məscidlərə müraciət edilir
Bakının Əjdərbəy məscidində cümə xütbəsi Türkiyənin Manisa vilayətindəki Soma kömür mədənində baş vermiş faciəyə həsr olunub.
Apa-nın məlumatına görə, xütbə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev tərəfindən oxunub.
S. Musayev bildirib ki, Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə bu gün Azərbaycanda bütün məscidlərdə oxunan xütbələr Türkiyədə baş vermiş faciəyə həsr olunacaq: "Necə ki, Türkiyə ağır günlərimizdə bizim yanımızda olub, biz də bu ağır gündə onların yanındayıq. Biz "bir millət iki dövlət olaraq" hər zaman bir yerdəyik".
S. Musayev bildirib ki, faciədə həlak olmuş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məscidə insanlar tərəfindən müraciət edilir: "Allahşükür Paşazadə məsləhət bilərsə, bu məsələ müzakirə oluna bilər".
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Eraslan çıxış edib. O bildirib ki, Azərbaycan çətin anda Türkiyənin yanındadır: "Biz bir millətik. İki dövlət, bir millət olaraq şəhidlərimiz yan-yanadır. Dinimiz, peyğəmbərimiz, qibləmiz birdir. Burada maddi yardımdan söhbət açıldı. Azın çoxun fərqi yoxdur. Əsas diqqətin göstərilməsidir. Allah hər kəsdən razı olsun. "
Sonda Türkiyənin Manisa vilayətində kömür mədənində vəfat edən şəxslərin ruhuna Quran oxunub.
Qeyd edək ki, bu gün Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.
Mediainfo.az