Metrodakı yanğından zərər çəkən olmayıb
Bu səhər saatlarında Bakı metrosunda fövqəladə hadisə baş verib. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində yanğın baş verib. Hadisə "Koroğlu" stansiyasında qeydə alınıb. Sərnişinlər təxliyə olunub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
"Bakı Metopoliteni"nin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, bu gün saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatar "Koroğlu" stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub.
Sərnişinlər dərhal təxliyə olunub. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.
Daha sonra qatar baxış üçün depoya göndərilib. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub.Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mediainfo.az