R.Tağı ilə bağlı apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Prosesdə qərar elan olunub. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.
Bir müddət əvvəl isə cinayət işi üzrə icraat dayandırılıb. Cinayət işinin dayandırılması barədə qərardan Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Lakin məhkəmə qərarı qüvvəsində saxladığından apellyasiya şikayəti verilib.
Mediainfo.az