Müdafiə nazirinin yeni müavini müsbət dəyərləndirildi
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib. Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.
Yeni təyinata münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, son vaxtlar müdafiə nazirliyinin rəhbərliyinin həyata keçirdiyi bir neçə uğurlu kadr təyinatları cəmiyyətdə çox müsbət qarşılanıb: "Xüsusən də, bir vaxtlar Qarabağ odundan-alovundan çıxmış, çox təcrübəli polkovnik Rüfət Əmirovun, indi isə Azərbaycan generalları arasında mən deyərdim ki, ən savadlı və təcrübəli generallardan biri olan general-leytenant Kərim Vəliyevin MN-nə gətirilməsi şəxsən məndə böyük ümidlər yaradır".
Ü.Cəfərov deyib ki, Kərim Vəliyevin başçılığı altında 4 ilə yaxın hərbi xidmət keçib: "Zabit kimi deyə bilərəm ki, o son dərəcə ədalətli, son dərəcə yüksək intellektə və bacarığa malik bir şəxsdir. Onun çox böyük hərbçi tərcümeyi-halı var. O mərhum Heydər Əliyevin prezidentliyi dönəmində bir neçə dəfə müdafiə naziri postuna layiqli namizədlər arasında adı çəkilən şəxslərdən biri olub. Amma çox təəssüflər olsun ki, bəzi bədxahlar onun uğurlarını, onun əsl general olmasını həzm edə bilmədiyi üçün onu gözdən uzaq bir yerə xidmətə yolladılar. Çox sevindiricidir ki, bu general indiyə kimi bir dəfə də olsun Azərbaycan mətbuatında adı mənfi tərəfə çəkiləməyib. Bunun özü çox şeylərdən xəbər verir. Şəxsən mən, sevinirəm ki, nəhayət ki, MN sistemində neqatv halların xeyli sayı azalacaq və bu işdə təcrübəli general kimi həm Kərim Vəliyev, həm də bu yaxınlarda yeni vəzifə almış polkovnik Rüfət Əmirov əllərindən gələni əsirgəməyəcəklər".
Yeniçağ.az-ın məlumatına görə K.Vəliyev xalq şairi Səməd Vurğunun qohumudur. Anası Səməd Vurğunun yaxın qohumu Leyla Kərim qızı Vəkilovadır.
O da bildirilir ki, orduda təmiz fəaliyyətinə görə, ləqəbi "Ağ kağız" olan Kərim Vəliyev Səfər Əbiyevin "vurduğu" kadrlardan biri idi. General-leytenant Kərim Vəliyev Qarabağ müharibəsinin ən ağır vaxtlarında döyüş briqadalarından birində məsul vəzifələrdə xidmət edib.
Daha sonra isə Bərdə hərbi birləşməsinin komandiri vəzifəsində xidmət edib. 2000-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi vəzifəsinə təyin olunub. Hərbi Elmi Mərkəzdə aparılmış ştat dəyişikliyi ilə əlaqədar bir müddət müdafiə nazirinin sərəncamında olmuşdur. Daha sonra isə general-leytenant Kərim Vəliyev nazirliyin Hərbi Strateji Araşdırmalar Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Daha sonra isə Bakı Hərbi Birləşməsinin və 4-cü korpusun komandiri vəzifələrini tutub. (müsavat.com)
Mediainfo.az