Hacı Şahin təkzib etdi
Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə yayılmış videosuna münasibət bildirib. İlahiyyatçı AzNews.az-a açıqlamasında bildirib ki, onun fətva verməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. "Mənim fətva vermək səlahiyyətim yoxdur"- deyən Hacı Şahinin sözlərinə görə, kişinin cinsini dəyişməsi ilə bağlı dedikləri ona məxsus fikirlər deyil: "Müəyyən fiziki qüsurlu insanlar olur ki, hansısa yaş dövründən sonra kişidə qadın, qadında kişi hormonları artır. Onlar şəriət alimlərinə müraciət edirlər. Bu halda şəriətin fikri birmənalı deyil. Bəzi alimlərin rəyinə görə, belə hallarda həkimlə məsləhətləşdikdən sonra bu adamlar cinsini dəyişə bilər. Yəni əgər, şəxs bu halda yaşaya bilmirsə, cinsini dəyişə bilər. Bu, mənim fikrim deyil və kütləvi hal ala bilməz. Mən deməsəm də, hansısa kitablarda yazılıb. Demək istədiyim budur ki, cinsi dəyişməyin tərəfdarı kimi çıxış etmirəm".
Hacı Şahin bildirib ki, insanın cinsini dəyişməsinə qarşı olanlar arasında xeyli şəriət alimləri də var. Qeyd edək ki, sosial şəbəkələrdə və saytlarda Hacı Şahinlə bağlı "kişi cinsini dəyişə bilər" başlığı altında video yayılıb. /aznewz/
Mediainfo.az