Aeroportda qafqazlının 4 milyon dolları aparıldı
Moskvanın "Şeremetyevo" aeroportunda soyğunçular bir neçə kisə dolu nağd pul daşıyan qafqazlıya basqın ediblər.
Virtualaz.org saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. "Şeremetyevo-2" aeroportunun E terminalında bir neçə silahlı və maskalı şəxs Şimali Qafqazdan Moskvaya uçan sərnişinə basqın ediblər. Soyğunçular polis formasında olublar və qafqazlını silahla hədələyiblər. Pulları götürəndən sonra onlar mikroavtobusla aradan çıxıblar.
Moskva polisi soyğunçuları yaxalamaq üçün "Perexvat" planını işə salıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, kamuflyajda olan soyğunçular sərnişini E terminalının qarşısında gözləyiblər və ona basqın ediblər. Qafqazlının çantalarında 4 milyon dollar nağd pul olduğu bildirilir.
Soyğunçular aeroportun girişində onları gözləyən tünd göy rəngli "QAZel"lə aradan çıxıblar.
Soyğuna məruz qalan şəxsin kimliyi açıqlanmır. Xəbərdə bildirilir ki, ötən ilin payızında analoji hadisə Sankt-Peterburqda baş verib. "Pulkovo-2" aeroportunun çıxışında Azərbaycan vətəndaşına hücum edən soyğunçular onun 2,5 milyon dollar nağd pul dolu çantasını alıblar və aradan çıxıblar.
Mediainfo.az