Havanın buludlu və dumanlı olmasının səbəbləri açıqlanıb

Havanın buludlu və dumanlı olmasının səbəbləri açıqlanıb

4 Mart 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə ərazisində havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksəkdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin buludlu və dumanlı olmasının səbəblərinə aydınlıq gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva apa açıqlamasında deyib ki, əvvəldən verilən proqnozlarında bu gün üçün Abşeon yarımadası və respublikanın bəzi rayonları üçün əsasən səhər və axşam saatlarında dumanlı hava şəraiti göstərilib.

Onun sözlərinə görə, bu gün cənub-şərq küləyinin üstünlüyü nəticəsində Xəzər dənizdən rütubətli hava kütlələri sahilyani ərazilərə yönəlib. Bunun nəticəsində də dumanın yaranması üçün faktiki şərait yaranıb: "Martın 5-də gecə və səhər saatlarında əsasən sahilyanı rayonlarda hava şəraitinin dumanlı olacağı ehtimalı var. Lakin martın 5-də gündüz saatlarından başlayaraq şimal küləyinin güclənməsi gözlənilir. Bununla da artıq hava cərəyanları öz istiqamətini dəyişəcək və qurudan dənizə doğru əsən küləklər üstünlük təşkil edəcək. Buna görə də martın 5-i gündüzdən dumanın olması gözlənilmir, martın 6-da da hava şəraiti dumansız olacaq".

U.Tağlyeva qeyd edib ki, martın 5-də günün ikinci yarısı, martın 6-na keçən gecə şimal küləyinin sürəti arabir 18-20 metrə çatacaq. Temperatur rejimində mühüm dəyişikliklərin müşahidə olunmayacağını deyən direktor qeyd edib ki, maksimal temperatur 12-14 dərəcə intervalında olacaq: "Belə temperatur göstəriciləri mart ayının iqlim normasından 3-4 dərəcə yüksəkdir".