Ana və uşaq ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Ana və uşaq ölümündə təqsirləndirilən həkimə hökm oxunub

28 Fevral 2014 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Məhkəməsində Respublika Perinatal Mərkəzinin ana və uşaq ölümündə təqsirləndirilən həkimi Teymur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Cavad Cavadlının apa -ya verdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Həsənov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

C. Cavadlı hökmdən narazı qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, ötən il mayın 14-də mərkəzdə ana və uşaq ölümü qeydə alınıb. 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. Məlumata görə, üçüncü dəfə ana olmağa hazırlaşan Maral Fətəliyeva 5 aylıq hamilə olub.

Xatırladaq ki, həkim anestezioloq - reanimatoloq T. Həsənov Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmə) maddəsinə əsasən ittiham olunub.

Səhiyyə Nazirliyinin ötən il hadisədən sonra yaydığı məlumatda bildirilib ki, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Amma görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizi olub.