Çingiz Abdullayev: “Yanukoviçi qohumbazlıq və korrupsiya yıxdı“

Çingiz Abdullayev: “Yanukoviçi qohumbazlıq və korrupsiya yıxdı“

28 Fevral 2014 14:24
Bəyəndim (0) Bəyənmədim (0)
Bir daha sübut olundu ki, milyardlar da xalqın qəzəbi qarşısında bir şeyə yaramır

Yanukoviçin acınacaqlı taleyi bu gün dünya mediasının əsas mövzusuna çevrilib

Yanukoviç haqqında vaxtilə bir əsər yazmış dünya şöhrətli yazıçımız, Xalq yazıçısı Çingiz Abdullayev də baş verənlərdən təəssüflənir və Yanukoviçi qınayır. Ona belə bir sualla müraciət etdik ki, həmin əsəri yazanda düşünmədinizmi nə zamansa qəhrəmanınızın əli öz xalqının qanına batacaq?

Onun Moderator.az-a cavabını təqdim edirik:

"Birincisi, Yanukoviç çox cəsarətli adamdır. Mən onu şəxsən tanıyıram. İki dəfə bu adam türmədə yatıb. Orada oğrular onun haqqında ölüm hökmü çıxarsalar da sağ çıxmağı bacarıb. Anasız böyüyüb. Görün, gəlib necə böyük bir ölkənin prezidenti olub. Rusiyanı Avropanın ən böyük ölkəsi hesab etmək olmaz, ona görə ki, onun yarısı Asiyadadır. Amma Ukrayna Avropanın ən böyük ölkəsidir. İkincisi,Yanukoviç hakimiyyəti diktatura deyildi və o qanuni seçilmiş prezident idi. Mən də sizinlə razıyam ki, tökülən bütün qanların hamısı prezidentin üstündədir. Amma məncə o qan tökmək istəməyib və ona görə də ordunu bu proseslərdən kənarda saxlayıb. Elə buna görə da qaçıb. Mənsə deyirəm ki, qaçmaq olmazdı. O bu problemi həll etməli və bundan sonra öz xoşuyla istefaya getməliydi. Amma mən onu başa düşürəm. Bilirsiniz, bu adam qorxmaz olub, amma bu cür qorxmaz adam bir şeydən çox qorxub. Qorxub ki, onun pullarını, qohumlarını, tanışlarını əzəcəklər. Birinci növbədə oğlunun və özünün pullarının taleyindən qorxub. Yəni qohumbazlıq, yerlibazlıq, rüşvətxorluq, korrupsiya onu yıxdı. Ona görə də onu qınayıram və sizə deyim ki, onun nə zamansa siyasi gələcəyi olacağına da daha inanmıram. Amma məsələnin o biri tərəfi də var və bu mənim proqnozumdur ki, Ukraynada sular hələ də sonadək durulmayıb və 4-5 aydan sonra bu ölkədə növbəti bir "otkat" olacaq.

Mən demirəm ki, Yanukoviç qayıdacaq və ya nəsə olacaq, amma əminəm ki, bu "otkat" olacaq. Mən Ukraynadakı prosesləri diqqətlə izləyirəm və yeni hökumədəki baş nazirin iki müavini də istefa verib. Çünki çox adam faşistləri, ekstremistləri qəbul edə bilmir. Bilirsiniz, mən dəfələrlə demişəm və sizə də deyirəm, Mənə çox vaxt irad tuturlar ki, sən yazmısan ki, müharibə vaxtı müsavatçılar faşistlərlə əlbir olub. Kulis.az onu da düzgün yazmayıb, müsavatçılar Hitlerlə yox, Gimlerlə görüşüblər. Onlar gəlib SSRİ-nin əleyhinə vuruşurdular. Təbii ki, onlar xalqa qarşı deyil, stalinizmə və kommunizmə qarşı vuruşurdular. Amma mən bu məntiqlə qətiyyən razılaşa bilmirəm ki, əslində faşistlərlə gələnlər bizim öz adamlarımızı öldürürdü. İndi bu hökumətdən xoşu gəlməyənlər ermənilərə qoşulub tutaq ki, gəlib Gəncəni yandıranlara qoşulsalar ona bəraət qazandırmalıyıq? Ona görə də mən faşizmi heş vaxt qəbul etməmişəm, etməyəcəm də. Ukraynada da camaat bezmişdi, hamı çıxmışdı meydanlara etiraza. Xalq artıq rüşvətxorluğa, korrupsiyaya, xalq malının oğurlanmasına və talan edilməsinə dözmürdü. Amma etiraf edək ki, ayağa qalxmış etirazçıların içərisində millətçilər və faşistlər də vardı. Mən bu adamları qəbul edə bilmirəm. Amma Yanukoviç özünü bitirdi. Azərbaycanda da belə adamlar tanıyıram. Cəsarətli adamlar olublar sovet vaxtında, amma pul məsələsi bunları sındırıb. Görünür, Yanukoviçi də pul sındırdı. Çünki o xalqı, oturduğu kürsünün məsuliyyətini deyil, qohum-əqrəbasını düşünürdü. Mən də çox təəssüf edirəm ki, Ukraynada bir belə qurbanlar oldu."

"Ukraynadakı inqilab və Yanukoviçinin bu cür acınacaqlı aqibəti barədə də bir əsər yazmağı düşünürsünüzmü" sualına cavabında məhşur yazıçımız deyir ki, mütləq belə bir əsər yazmağı da düşünür:

"Çünki bu, Yanukoviçin timsalında Ukrayna xalqının çox böyük faciəsidir. İndi orda yenə də nahaq qanlar axmağa başlayıb və repressiya tüğyan edir. Mənim məlumatım var bu barədə. Axı orda polisdə işləyənlərin nə günahı var ki, onlara meydanı dağıtmaq üçün əmr verilib. İndi onları bir-bir axtarıb taparaq işgəncə verirlər. Bunların evlərin yandırırlar, özlərin və ailələrin incidirlər. Mənim açığı, bunlara yazığım gəlir. Təbii ki, bütün bunlardan yazmaq istərdim. Digər tərəfdən, haqlı olaraq günahsız adamlar da ölkədə baş verənlərə etiraz olaraq meydanlara çıxıblar, onları da qətlə yeiriblər. Bu da faciədir. Bir sözlə, Ukraynada faciə faciəyə qarışıb və bunları yazmaq lazımdır."

Mediainfo.az