Təranə Məmmədova Daxili Qoşunlardan istefa verdi

Təranə Məmmədova Daxili Qoşunlardan istefa verdi

27 Fevral 2014 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova vəzifəsindən istefa verib.

Bu barədə "Qafqazinfo"ya T. Məmmədova özü məlumat verib. O, bildirib ki, Daxili Qoşunlarda xidmət etməyinin 21 ili tamam olub: "Kədər qarışıq qürur və fəxarət hissi ilə Qoşunların sıralarından ayrılıram. Həyatımın ən məhsuldar dövrünü Daxili Qoşunlara həsr etdim. İnsanın ömrü boyu gərəyi olan məsuliyyət, cavabdehlik, düzgün əqidə, vətənsevərlik və s. kimi dəyərli xüsusiyyətləri məhz burada özümdə əxz etdim. Öz peşəmi sevdim və bütün qüvvəmi Daxili Qoşunların inkişafına, cəmiyyət tərəfindən sevilməsinə, seçilməsinə yönəltdim.

Daxili Qoşunların tarixinə aid 4 kitabın tərtibçisi və müəllifi oldum. 1992-ci ildə nəşrə başlayan "Əsgər" hərbi vətənpərvərlik qəzetini yaratdım və kiçik, vətənpərvər bir kollektivlə onu 20-ci əsrdən 21-ci əsrə - bu günə gətirib çıxardıq.

21 il ərzində Daxili Qoşunlarda xidmət etdiyim zaman tanıdığım, ünsiyyətdə olduğum, ağır, çətin müharibə və mübarizə illərini birgə keçdiyim bütün insanlara, eləcə də kütləvi informasiya vasitələrində çalışan çox hörmət etdiyim, sevdiyim həmkarlarıma "çox sağ olun" deyirəm. Bundan sonra əmək fəaliyyətimi harada davam etdirməyimdən asılı olmayaraq həyatımın ən şərəfli səhifəsi Daxili Qoşunlar olacaq.

Hər bir kəsə harda çalışdığından asılı olmayaraq xidmətini ləyaqətlə başa vurmağı arzulayıram".