Xocalı faciəsi Avstraliyada anılıb

Xocalı faciəsi Avstraliyada anılıb

26 Fevral 2014 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı soyqırımının 22-ci ildönümü və bu dəhşətli faciənin qurbanlarının xatirəsi hər il olduğu kimi, bu il də Avstraliyanın müxtəlif şəhərlərində anılıb.

Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyindən apa -ya verilən məlumata görə, Azərbaycanın Avstraliyadakı səfirliyinin yaxından dəstəyi ilə Kanberra və Sidney şəhərində böyük məlumatlandırma-etiraz aksiyası təşkil olunub.

Aksiyada bu soyqırım aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılıb, şəhər mərkəzlərində qurulan xüsusi stendlərdə faciənin necə qəddarlıqla törədilməsi barədə fotoşəkillər təqdim olunub. Bundan başqa, tədbirdə Avstraliyada Xocalı soyqırımının tanınması məqsədilə imza toplanılıb. Tədbirdə Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, yeri azərbaycanlı və türk icmasının üzviləri və səfirliyin əməkdaşları, o cümlədən Azərbaycanın Avstraliyadakı baş konsulu Araz Xasıyev iştirak edib. Kanberrada təşkil olunan aksiyada Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov şəxsən iştirak edib.

Eyni zamanda Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu soyqırım ilə əlaqədar xüsusi veriliş hazırlayıb. Radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda söhbət aparılıb.