Həbsdə olan sabiq müdirin vəziyyəti ağırlaşıb

Həbsdə olan sabiq müdirin vəziyyəti ağırlaşıb

26 Fevral 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Prezidentin həbsdə olan sabiq işlər müdiri Akif Muradverdiyevin vəziyyəti ağırlaşıb. Vəkili Rəşad Mirmehdizadə "Yeni Müsavat"a bildirdi ki, fevralın 24-də A.Muradverdiyevlə görüşüb. Vəkilin sözlərinə görə, onun səhhəti yaxşı deyil: "Kəskin ağrılardan əziyyət çəkir. Onun boyun onurğasında yırtıq var və müalicə ilə sağalan xəstəlik deyil. Ona görə də müalicə heç bir effekt vermir. Kənardan həkim də dəvət olunub. Xəstəliyi günü-gündən ağırlaşır".

Vəkil bildirdi ki, A.Muradverdiyev səhhətində olan problemlərə görə Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərin əksəriyyətində iştirak edə bilməyib: "Vəziyyəti o qədər ağırdır ki, hətta məhkəmə proseslərinə gələ bilmədi. Aldığı müalicənin effekti yoxdur".

Vəkil qeyd etdi ki, apelyasiya məhkəməsinin verdiyi qərarı hələ əldə etməyiblər: "Qərarı əldə edəndən sonra Ali Məhkəməyə şikayət olunacaq. Əsas məsələ onun səhhətidir. İki gün əvvəl görüşdük, səhhətindən çox narazılıq etdi".

A.Muradverdiyev hazırda Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində müalicə olunur.

O, Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan A.Muradverdiyev qaçaqmalçılıqda təqsirli bilinib.