Səfirlik:"Kiyevdəki iğtişaşlar zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb"

Səfirlik:"Kiyevdəki iğtişaşlar zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb"

25 Fevral 2014 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevdəki iğtişaşlar zamanı Azərbaycan vətəndaşları xəsarət almayıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq xidmətinə istər Ukraynanın rəsmi şəxslərindən, istər də Azərbaycan vətəndaşlarından müvafiq müraciətlər daxil olmayıb.

Bu barədə apa-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib.

A.Osmanov qeyd edib ki, səfirlik həmçinin xəsarət almış Ukrayna vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə maraqlanır: "Vətəndaşlarımızın təhlükəsizliyi və durumu bizim üçün prioritet məsələdir. Eyni zamanda müvafiq məlumat daxil olarkən, Ukrayna vətəndaşları olan həmyerlilərimizin durumu ilə də maraqlanırıq".

Xatırladaq ki, Kiyevdəki toqquşmalar zamanı bir neçə azərbaycanlı, o cümlədən Ukraynada tanınmış azərbaycanlı rəssam Rasim Seyidimov, Teymur Mustafayev və Anar Rzayev xəsarət alıblar. Onların hamısı Ukrayna vətəndaşlarıdır.

Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, fevralın 18-dən Kiyevdə toqquşmalar zamanı 82 nəfər ölüb. Tibbi yardım üçün müraciət edən 724 nəfərdən 489 nəfər xəstəxanalara yerləşdirilib.