BDU mətbuat xidməti Rəfael Süleymanovun vəfatı ilə bağlı açıqlama yayıb

BDU mətbuat xidməti Rəfael Süleymanovun vəfatı ilə bağlı açıqlama yayıb

24 Fevral 2014 15:36
Bəyəndim (0) Bəyənmədim (0)


Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti BDU-nun tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanovun vəfatı ilə bağlı açıqlama yayıb. Apa-nın xəbərinə görə, açıqlamada hadisənin "Tələbənin ittiham etdiyi dekan müavini dərs vaxtı öldü" kimi təqdimatına etiraz bildirilir.

Qeyd olunur ki, R.Süleymanov bu gün səhər işə gələrkən BDU-nun yeni korpusunun birinci mərtəbəsində, liftin qarşısında özünü pis hiss edib və dünyasını dəyişib: "BDU rektoru akademik Abel Məhərrəmovun tələbələrlə görüşü zamanı tarix fakültəsinin tələbəsi Ramilə Kiçiyevanın şikayət etdiyi müəllim mərhum Rəfael Süleymanov deyil".

Qeyd edək ki, R.Süleymanov 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı "Tarixçi. Tarix və ictimaiyyət müəllimi" ixtisası ilə bitirib. 1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında "XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında "Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması: 1920-1985-ci illər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

R.Süleymanov Cənub və Qərbi slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemlərini tədqiq edib.