BDU-nun bir qrup tələbəsi aksiya keçirmək istəyib

BDU-nun bir qrup tələbəsi aksiya keçirmək istəyib

20 Fevral 2014 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universiteti (BDU) bu gün universitetin bir qrup tələbəsinin aksiya keçirmək cəhdi ilə bağlı açıqlama yayıb

BDU-nun Mətbuat və informasiya şöbəsindən apa -ya daxil olan açıqlamada bildirilir ki, bir neçə gün əvvəl "facebook" sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz aksiyası keçirmək məqsədilə çağırış edib.

"Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub.

Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib.

Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb", - deyə açıqlamada deyilir.