Avropa İnsan Haqları Məhkəməsi iki qərarını açıqlayıb

Avropa İnsan Haqları Məhkəməsi iki qərarını açıqlayıb

20 Fevral 2014 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı iki qərarını açıqlayıb.

Apa-nın AİHM-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qərarlardan biri "Azadliq" qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti ilə əlaqədar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, 3 ay ərzində Qənimət Zahidə mənəvi zərər əvəzi olaraq 5 min avro, hüquqi məsrəflər üçün 5 min avro ödənilməlidir.

Xatırladaq ki, "Azadliq" qəzetinin baş redaktoru Qənimət Zahidin 2007-ci ilin noyabrında Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu. Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalistin həbs müddəti 2007-ci il noyabr ayının 11-dən 2008-ci ilin mart ayının 7-nə qədər bir neçə dəfə uzadılıb. Yasamal Rayon Məhkəməsi jurnalisti 2008-ci ilin martında 4 il müddətinə azadlıqdan məhrum edib. O, 2010-cu ilin martında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

AİHM Bakıdakı həbsxanaların birində cəza çəkən Azərbaycan vətəndaşı Novruz İsmayılovun da müraciətinə baxıb, maddi zərər əvəzi olaraq ona 4 min avro, hüquqi məsrəflər üçün 2500 avro kompensasiya ödənilməsi haqqında qərar çıxarıb.

Qeyd edək ki, "Borçalı" özəl bankının təsisçisi, 1961-ci il təvəllüdlü N.İsmayılov dələduzluqdan, mənimsəmə və vergidən yayınmaqda ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum olunub və hazırda cəzasını çəkməkdə davam edir.