
ARAŞDIRMA: Binəqədidə yaşıl “soyqırımı”...
Dünən işə gələrkən Binəqədi rayonunda "Azadlıq Prospekti" Metrostansiyasının üstündə salınan parkda qəribə mənzərənin şahidi oldum. Parkın "Şahənşah" şadlıq sarayı önünə düşən hissəsində əkilmiş və xeyli böyüyərək qol-qanad atmış həmişəyaşıl şam ağaclarının gövdəsi soyulmuşdu. Yaxınlaşıb diqqət yetirdikdə, təxminən 10-a yaxın ağacın kimlər tərəfindənsə eyni üsulla, xüsusi kəsici alətlə qabığının yonulduğu gördüm. Hadisə yerinin şəklini çəkərkən, özünü parkın xidmətçisi kimi təqdim edən bir nəfər mənə yaxınlaşaraq, burada qeyri-adi heç nə olmadığını söylədi. İddia etdi ki, bu, ağaclara edilən aqro-texniki qulluqdur və hər ilin bu vaxtı təkrarlanır. Özümün də kənd yerində böyüdüyümü belə aqro-texniki qulluğun olmadığını bildirəndə isə o, dərhal ərazidən uzaqlaşmağa başladı. Arxasınca gedib nə qədər cəhd etsəm də onun dəqiq kimliyini öyrənə bilmədim. Sadəcə ağacların şəklini çəkib iş günü ərzində bu hadisəni araşdırmaq qərarına gəldim.
İlk müraciət etdiyim ünvan kənd-təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov oldu. Hadisəni təsvir edib onunla söhbət edəndən sonra bir daha yəqin etdim ki, ilin-günün bu vədəsində həmişəyaşıl ağacların qabığının soyulması heç də aqro-texniki qulluq deyil. Mütəxəssis bildirdi ki, yaşıllıq qənimi olan hansısa şəxslər müəyyən maraq naminə qəsdən ağacların gövdəsini soyub onları qurutmaq istəyiblər: "Ümumiyyətlə, Azərbaycanda həmişəyaşıl şam ağaclarına xüsusi aqro-texniki qulluq edilmir. Bəzən, o da istisna hallarda, xüsusən də həmin ağacların budaqları piyadaların və nəqliyyat vasitələrinin gediş-glişinə mane olanda, müəyyən budama işləri aparılır. Amma heç vaxt şam ağaclarının gövdəsi kəsici alətlə kəsilmir və ya soyulmur. Sözügedən ərazidəki ağacları kimlərsə bilərəkdən zədələyib. Görünür nümayişkaranə şəkildə həmin ağacları kəsməyə ehtiyat ediblər. Ona görə də əvvəlcə gövdələrini zədələyiblər. Məqsədləri bu yolla həmin ağacların qurumasına nail olmaq, ardınca onları rahat şəkildə kəsib atmaqdır. Hesab edirəm ki, yaşıllıq zolaqlarına, bununla da yaşadığın mühitə belə biganə münasibət yolverilməzdir".
Müsahibimlə söhbəti yekunlaşdırıb hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Xidmətin rəhbəri İradə İbrahimova söhbət əsnasında dəqiq ünvanı qeyd etdi və çəkdiyim şəkilləri onun elektron poçtuna göndərməyimi istədi. Söz verdi ki, araşdırma aparıb gün ərzində məlumat verəcək. Təxminən 30 dəqiqə sonra mənimlə əlaqə saxlayan İradə xanım bildirdi ki, nazirliyin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin mütəxəssisləri hadisə yerində olub, araşdırma aparıblar. İlkin müşahidələr nəticəsində aydın olub ki, bu, ağaclara aqro-texniki qulluq deyil. Nazirlik əməkdaşlarına bəlli olmayan səbəblər üzündən kim və ya kimlərsə ağaclara qəsdən zərər verib. İ.İbrahimova onu da əlavə etdi ki, həmişəyaşıl ağacların kimlər tərəfindən, nə məqsədlə belə vəziyyətə salınmasını aydınlaşdırmaq üçün, nazirlik Binəqədi Rayon Polis İdarəsinə müraciət edəcək.
Park Binəqədi ərazisində olduğundan, rayon icra hakimiyyətindən hadisəyə münasibət öyrənməyi də özümə borc bildim. Binəqədi rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov həmişəyaşıl ağacların məqsədli şəkildə zədələnməsi barədə yeni eşitdiyini, bu barədə məlumatsız olduğunu söylədi. Dedi ki, ətraflı araşdırma aparıb gün ərzində bu qəzetimizə məlumat verəcək. Axşam saatlarında mənimlə telefon əlaqəsi yaradan A.Eyvazov artıq hadisə yerinə baxış keçirildiyini, lazımi tədbirlərin görüldüyünü söylədi: "Ağacları məqsədli şəkildə zədələyənlər barədə bizdə konkret məlumat yoxdur. Lakin rayon icra hakimiyyəti bu barədə artıq məlumatlıdır. Yaşıllaşdırma idarəsinə, hüquq-mühafizə orqanlarına da xəbər verilibdir. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır. Araşdırırıq görək, bunu kim, hansı məqsədlə edib. Hələlik isə bu barədə dəqiq məlumat yoxdur. Ancaq, bir daha təkrar edirəm ki, məsələ bizim nəzarətimizdədir".
Bu gün səhər işə gələrkən isə təkrar hadisə yerində oldum. İstəyirdim bilim ki, dünəndən bu yana ərazidə hər hansı dəyişiklik olub, ya yox. Gördüklərim məni bir qədər də heyrətləndirdi. Kimlərsə acığa düşüb, cəzasız qalmağından istifadə edərək, daha bir neçə ağacın gövdəsini yonmuşdu. Belə ağacların hamısını bir-bir yoxlayıb saydım. 3-ü çinar, 14-ü şam olmaqla, irili-xırdalı ümumilikdə 17 ağacın gövdəsi kəsici alətlə soyulmuşdu. Ərazidə diqqətimi çəkən başqa bir məqam isə ağacların zədələndiyi meydançaya bitişik yarımçıq tikili oldu. Hüquq-mühafizə orqanları, icra hakimiyyəti, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin nümayəndələri araşdırmasında olsun, amma mən ehtimal edirəm ki, ağacları bu kökə salanlar həmin obyektin tikintisini başa çatdırmaq istəyənlərdir. O da məlumdur ki, rayon icra hakimiyyətinin, sahə müvəkkilinin və digər aidiyyəti dövlət qurumlarının xəbəri olmadan ərazidə daşı-daş üstünə qoymaq qeyri mümkündür...
P.S. Bu yazını yazmaqda, sosial şəbəkədə paylaşmaqda yeganə məqsədim yaxın gələcəkdə kəsilməsi planlaşdırılan 17 ağacı xilas etməkdir. Axı, onlar da bizim kimi canlıdırlar.
Xəyalə Rəis
Rufik İsmayılov