Axtarışda olan sumqayıtlı Əfqanıstanda öldürüldü

Axtarışda olan sumqayıtlı Əfqanıstanda öldürüldü

13 Fevral 2014 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov koalisiya qüvvələri tərəfindən öldürülüb. İ.Qasımovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib.

İnterpolun saytındakı məlumata görə, İ. Qasımov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov və Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.

Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.