Tələbələr məcburi şəkildə orta məktəblərdə təcrübə keçəcəklər

Tələbələr məcburi şəkildə orta məktəblərdə təcrübə keçəcəklər

13 Fevral 2014 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır".

Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, gələcəkdə müəllim ixtisası üzrə hazırlanan tələbələrin məcburi şəkildə orta məktəblərdə təcrübə keçməsi tətbiq olunacaq.

Təhsil naziri bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün əlavə güzəştlərin tətbiq edilməsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda Azərbaycan qanunvericiliyində bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə Təhsil Nazirliyi bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını bilir və hər zaman bunun həllinə çalışır.

Bölgələrdə bir müəllimin ixtisasını dəyişərək digər ixtisasdan dərs deməsi halına gəlincə, M.Cabbarov əlavə edib ki, əgər kimsə qanun çərçivəsində yeni ixtisasa yiyələnirsə, bu normal haldır: "Təhsil sistemində qanun pozuntuları baş verdiyi təqdirdə buna qarşı istər Təhsil Nazirliyi, istərsə də müvafiq qurumlar tərəfindən mübarizə aparılır. Təhsil sistemində olan mənfi hallarla kampaniya şəkilində mübarizə aparmırıq. Əgər qanunvericiliyin təkmilləşməsinə ehtiyac varsa, təhsil ictimaiyyəti bunu qəbul edərsə, o zaman müvafiq vəsatətləri qaldırırıq və həmin qanunvericiliyin təkmilləşməsinə çalışırıq".