
Türkiyədə 7 azərbaycanlı həbs olundu
ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə polisinin İğdırda qaçaq yolla Türkiyəyə getmək istəyənlərə qarşı apardığı əməliyyatlar nəticəsində 7 Azərbaycan vətəndaşı saxlanılıb.
Polis saxlanılanlardan adı açıqlanmayan bir Azərbaycan vətəndaşını sorğu-sual etdikdən sonra həbs edib. Digər saxlanılan şəxslər isə ölkədən çıxarmaları üçün bölgə Ədliyyə Nazirliyinin Xarici Vətəndaşlarla İş üzrə Bölməsinə təhvil veriliblər.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev açıqlamasında bildirib ki, bu barədə xəbər nazirliyə yeni daxil olub. Hadisə araşdırıldıqdan sonra açıqlama veriləcək.
Qeyd edək ki, ötən il dekabrın 17-də Türkiyənin Naxçıvanla sərhədindəki Dilucu gömrük-keçid məntəqəsinin bir qrup məmuru ilə birlikdə Qarsda (Türkiyə) Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov da həbs olunub. Onun haqqında həbs-qətimkan tədbiri seçilib.