Ziya Məmmədov İran xalqını prezident İlham Əliyevin adından təbrik edib

Ziya Məmmədov İran xalqını prezident İlham Əliyevin adından təbrik edib

12 Fevral 2014 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.Mərasim müqəddəs Qurani-Kərimin oxunması ilə başlayıb. Sonra Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin inqilabdan sonrakı 35 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. İranın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu qeyd edilib.

Mərasimdə çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bu əlamətdar gün münasibətilə İran xalqını prezident İlham Əliyevin adından təbrik edib, dövlət başçısının ən xoş arzularını çatdırıb.

İki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran Z.Məmmədov dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanan sənədlərin bu əlaqələrin genişlənməsinə töhfə verdiyini söyləyib.

Tədbirdə səfir M.Pakayinin "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabının təqdimatı olub.

Bildirək ki, rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.