Gülər Əhmədovanın apellyasiya qərarından kassasiya şikayəti verilib

Gülər Əhmədovanın apellyasiya qərarından kassasiya şikayəti verilib

4 Fevral 2014 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında keçirilən məhkəmə iclasının qərarından kassasiya şikayəti verilib.

Bu barədə məlumat verən vəkil Əfsər Talıbov bildirib ki, kassasiya şikayəti bu gün Ali Məhkəməyə təqdim edilib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı vəkil Əfsər Talıbov bir sıra vəsatətlərlə çıxış edib. O, məhkəmə istintaqının aparılması barədə də vəsatət verib. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib. Bunun üçün həmin prosesin qərarından Ali Məhkəməyə şikayət edilib.

Vəkil Ə. Talıbov bu gün Bakı İstintaq Təcridxanasında Gülər Əhmədova ilə görüşdüyünü, onun səhhətinin yaxşı olmadığını da deyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.