Penitensiar Xidmət: Elçin Behbudovun fikirləri həqiqətəuyğun deyil

Penitensiar Xidmət: Elçin Behbudovun fikirləri həqiqətəuyğun deyil

4 Fevral 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun təcridxanalarda başçəkməyə icazə verilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Apa-nın məlumatına görə, Penitenisar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda Elçin Behbudovun bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında başçəkmələrə icazə verilməməsi ilə bağlı bəyanatlarla çıxış etdiyi qeyd olunub: "Bu bəyanatlarda penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərdən guya komitəyə çoxsaylı şikayətlərin daxil olduğu, lakin onların araşdırılmasına imkan verilmədiyi, istənilən cəzaçəkmə müəssisəsində xəbərdarlıq etmədən qəfil monitorinqlər aparılmasına şərait yaradılmaması barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Bununla əlaqədar bildiririk ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları xüsusi buraxılış və saxlanma rejimdə fəaliyyət göstərən qurumlardır. Bu qurumlara daxil olma, hər hansı tədbirlərin keçirilməsi müvafiq hüquqi normativ aktlarla tənzimlənir. Bununla bağlı qeyri-hökumət təşkilatları nümayəndələrinin əvvəlcədən xəbərdar etmədən penitensiar müəssisələrə daxil olmaları, ictimai nəzarət adı altında qəfil monitorinqlər keçirmələri mövcud qanunvericiliyə ziddir. Eyni zamanda qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili, Milli Preventiv qrupun üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və hər il seçki yolu ilə qeyri-hökumət təşkilatlarının üzvlərindən formalaşdırılan Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri penitensiar müəssisələrə istənilən vaxt baş çəkir, monitorinqlər keçirir, ayrı-ayrı məhkumları təklikdə qəbul edir və müvafiq hesabatlar tərtib edirlər. Qeyd olunan təşkilatlar, habelə ATƏT, Avropa Şurası və Avropa İttifaqının ölkəmizdəki nümayəndələri təkcə 2013-cü il ərzində penitensiar müəssisələrə 228 başçəkmə həyata keçiriblər.

İşgəncələr Əleyhinə Avropa Komitəsinin nümayəndələri (CPT) mütəmadi olaraq Azərbaycan Respublikasına səfərləri çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabe qurumlarına da baş çəkir və cəza çəkənləri təklikdə qəbul edirlər. Başçəkmələr zamanı adları qeyd olunan təşkilatlara məhkumlar və təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə bağlı fikirləri həqiqətə ziddir və ictimai fikri çaşdırmağa yönəlib. Bu kimi bəyanatlar xidmətin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması məqsədi ilə hüquq-müdafiə təşkilatları, müxtəlif ictimai birliklər və qeyri-hökumət təşkilatları ilə həyata keçirilən əməkdaşlığa kölgə sala bilməz".