
Hərbi Prokurorluqda geniş kollegiya iclası
Azərbaycan Hərbi Prokurorluğunda 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, 2013-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
X.Vəliyev həmçinin qeyd edib ki, ötən il Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 2 001 948 (iki milyon bir min doqquz yüz qırx səkkiz) manat məbləğində vəsaitin istintaq zamanı ödənilməsini təmin edilib. Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 63 nəfər tapılaraq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 149 yoxlama keçirilib, nəticədə 2575 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 317 təqdimat göndərilib, 222 nəfərə xəbərdarlıq edilib, 60 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 210 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 28 qanunsuz qərar ləğv olunub.
X.Vəliyev Kollegiya iclasında təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanları və qanun pozuntularını konkret misallarla təhlil edib. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Qeyd olunub ki, keçən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1741 müraciətinə baxılıb, 1063 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 3412 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2738 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.
Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib. Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar "Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı"na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparıblar.
Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 27 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib. Azərbaycan baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 25 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənən 40 əməkdaş həvəsləndirilib, 37 işçi müxtəlif medallarla təltif olunub, 82 əməkdaşa rütbələr verilib, 20 işçi intizam məsuliyyətinə cəlb edilib. Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.
Daha sonra hərbi prokurorun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, şöbə rəisləri Mahir Əhmədov, Aydın Ələsgərov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, Gəncə hərbi prokuroru Əmrah Mehdiyev, Qazax hərbi prokuroru Şahin Zamanov məruzə ətrafında çıxışlar edərək, hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasında həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.
Respublika hərbi prokuroru X.Vəliyev kollegiyaya yekun vuraraq qeyd edib ki, hərbi prokurorluq orqanları Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcək.