
Yol polisindən xəbərdarlıq: ehtiyac olmadıqda maşından istifadə etməyin
Azərbaycanda gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı yol polisi sürücülərə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə proqnoz verilib. Bu səbəbdən də bəzi avtomobillərin həmin istiqamətdə hərəkətinə məhdudiyyət qoyula bilər.
Məhdudiyyət əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə qoyulacaq. Həmin istiqamətlərdə əsas etibarilə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə edilməlidir.
Əsasən Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sahibləri diqqətli olmalıdırlar. Sürücülər əsasən Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillərin də Xaçmaz yolundan istifadə etməsi tövsiyə olunur.
Qeyd edək ki, yaxın günlərdə Bakının bəzi yerlərində də yollar buz bağlayacağından paytaxt sürücüləri təhlükəsizlik tədbirləri görməlidirlər.