Orduda intiharlarla bağlı rəsmi açıqlama

Orduda intiharlarla bağlı rəsmi açıqlama

29 Yanvar 2014 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin qarşısı alınacaq"

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı son günlər orduda intihar hallarının sayının çoxalması səbəblərindən söz açıb.
Vaqif Dərgahlı açıqlamasında, intihar hallarının çoxalması ilə bağlı iddianın əsassız olduğunu deyib: "Bu iddianın heç bir əsası yoxdur. Çünki Silahlı Qüvvələrdə baş verən hər bir hadisə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq media üçün təsdiqlənir. Hərbi qulluqçuların vəfat etməsi (həlak olması) ilə nəticələnmiş cinayət və hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən dərhal cinayət işi başlanır və təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər. Eyni zamanda hərbi hissə komandanlığı tərəfindən aparılan araşdırma nəticəsində hadisənin baş verməsində təqsirkar olan digər şəxslər intizam qaydasında cəzalandırılır
Vaqif Dərgahlı Müdafiə Nazirliyinin intiharlarla bağlı bir sıra tədbirlər gördüyünü dedi: "Silahlı Qüvvələrdə baş verə biləcək cinayət və neqativ hadisələrin qarşısının alınması və aradan qaldırılması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə komandir-rəis heyəti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin qarşısının alınması, hərbi kollektivlərdə baş verən sosial-psixoloji proseslərin öyrənilməsi və hərbi intizamın möhkəmləndirilməsi işi mərhələli şəkildə təşkil olunur.
Bundan əlavə şəxsi heyətlə fərdi tərbiyə işi aparılır, anonim sorğular-psixoloji testlər, fərdi söhbətlər keçirilir, onların tələbat və ehtiyacları, mənəvi-psixoloji durumu öyrənilir. Eyni zamanda silah və texnikadan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, onun mühafizə və saxlanma qaydalarına düzgün əməl edilməsi və müvafiq təlimatların vaxtlı-vaxtında öyrədilməsinə xüsusi diqqət yetirilir. O cümlədən, şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi üzrə tədbirlər təşkil edilir, hərbi qulluqçulara vaxtlı-vaxtında tibbi yardım göstərilir, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət olunur və s."