Mətbuat yayımı şirkətləri prezidentə müraciət hazırlayıblar

Mətbuat yayımı şirkətləri prezidentə müraciət hazırlayıblar

21 Yanvar 2014 16:16
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda küçə satışını qadağan edən yeni qərara etiraz olaraq mətbuat konfransı keçirilib

Bu gün Bakının mərkəzində küçə satışını qadağan edən yeni qərara etiraz olaraq mətbuat konfransı keçirilib. Konfransda çıxış edən, Yayım Assosiasiyasının sədri Yaşar Zeynalov bildirib ki, məsələ ilə bağlı prezidentə müraciət ünvanlanacaq:

"Yeni qərar Hacıbala müəllimin əmridir. O bildirib ki, jurnal və qəzetlərin satışına icazə verilməyəcək. Yəni küçə alverinə bir dəfəlik qadağa qoyulub. Artıq məktub da hazırlamışıq ki, bizə jurnal və qəzetlər satmaq üçün köşklər verilsin. İranda küçə satışı daha ifrat vəziyyətdədir. Orada qəzet və jurnallar yerdə satılır. Bizdə isə küçə satışı qadağan olduğu halda satış etmək üçün hələ ki yer verilməyib".
Etiraz edən yayımçı orqanlar, qəzet və jurnal redaktorları da konfransda çıxış edərək küçə satışını qadağan edən qərara öz kəskin etirazlarını bildiriblər. Etirazçıların sözlərinə görə, bu yeni qərar monopoliya əlamətidir:
"Bizim üçün icazə verilən köşk yerlərində fəaliyyət göstərmək qeyri mümkündür. Həmçinin bu yeni qaydalarla səyyar satış etmək imkanı yoxdur. Jurnal və qəzetlərin Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərkən yayılma hüququ verilir. Bu hüquq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhdudlaşdırılır. Bu yeni qərar tam qanunsuzdur. Bakı Ticarət Departamenti isə qərarı bizə vermir ki, onun tərkibi ilə tanış olaq".
Konfransda çıxış edən "Yeni Müsavat" qəzeti nümayəndəsi bildirib ki, küçə satışını qadağan edən qaydalara etiraz olaraq məhkəməyə müraciət ediləcək.
Qeyd edək ki, Fəvvarələr meydanı təmir olunduqdan sonra burada əvvəllər alışdığımız suvenir piştaxtalarına rast gəlinməsə də, qəzet və jurnalların satışı davam edirdi. Sonuncu dəfə 01.06.2010-cu il tarixində ərazidə qəzet və jurnal satışı ilə məşğul olan kiçik sahibkarlar belə problemlə üzləşmişdilər. O zaman səbəb kimi ərazidə aparılan təmir-tikinti işləri göstərilmişdi. Bildirilmişdi ki, ərazidə təmir getdiyindən qəzet və jurnalları da toz basır, bu isə əhalinin sağlamlığına ziyandır. Lakin edilən çoxsaylı şikayətlərə əsasən 24.06.2010-cu il tarixində Bakı şəhər Ticarət Departamenti qəzet və jurnalların satışı üçün icazəsi olan şəxslərin fəaliyyətlərini davam etdirməsinə icazə vermişdi.