
Orduda insident: Əsgər çavuşu niyə təhqir edib?
Keçən ilin martında, Yevlaxdakı hərbi hissələrin birində, əsgərlər arasında insident baş verib. İdman zamanı Elşən Əliyev əsgər yoldaşı Xanoğlan Bağırova irad tutub. Xanoğlan isə Elşən Əliyevi söyüb. Daha sonra əsgər Bağırov ona iş görməməyi irad tutan kiçik çavuş Elgün Qarayevi də təhqir edib.
Xanoğlan Bağırov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 7 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilib.
Hökmdən narazı qalan əsgərin vəkili Vahid Quliyev apelyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və bəraət çıxarılmasını xahiş edib. Vəkilin şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb.
Şərti cəza kəsildi
Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xanoğlan Bağırov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmişlər: Elşən Əliyev və Elgün Qarayev təqsirləndirilən şəxslə barışdıqlarını, Xanoğlan Bağırovdan şikayətçi olmadıqlarını deyiblər. Məhkəmədə Xanoğlan Bağırovu müdafiə edən vəkil Aydın Qafarov da apelyasiya şikayətinin təmin olunmasını istəyib. Vəkil müttəhimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib. Dövlət ittihamçısı Rəhim Xudiyev isə apelyasiya şikayətinin rədd edilməsini istəyib.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar qəbul edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilib və Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Xanoğlan Bağırovun cəzasını şərti hesab edib.