
Xaçmazda aşkarlanan heyvan cəsədləri ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb
Xaçmazda meşə massivində aşkar edilən heyvan cəsədləri ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırmalara başlanıb.
Bu barədə apa-ya Xaçmaz RPŞ-nin rəis müavini Valik Vəlimətov məlumat verib. Onun sözlərinə görə, artıq həmin əraziyə polis əməkdaşları baxış keçirib. Heyvan cəsədlərinin meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.
Məlumata görə, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb.Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.